6 sentyabr 2026-cı ildə keçirilən FIRST TOUCH CUP eLeague Pro Club Community üçün tarixi bir turnirə çevrildi. Gərgin qrup mərhələsi və dramatik pley-off qarşılaşmalarından sonra kubok uğrunda son mübarizədə Anatolian Lions və Audax üz-üzə gəldi.

Anatolian Lions turnirə çox güclü başladı. Komanda A qrupunda 6 oyundan 4 qələbə və 2 heç-heçə əldə edərək məğlubiyyətsiz 14 xal topladı və qrupu lider kimi başa vurdu. Anatolian Lions qrup mərhələsində 15 qol vurub cəmi 7 qol buraxdı.

A qrupunda Invictus X və Golden Youth hərəyə 10 xal toplasa da, top fərqinə görə Invictus X ikinci pilləni tutdu. Yamanlar Spor isə qrup mərhələsini xalsız başa vurdu.

Pley-off mərhələsində Anatolian Lions-un ilk rəqibi Golden Youth oldu. Gərgin qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan Anatolian Lions yarımfinala yüksəldi. Digər qarşılaşmalarda Invictus X, Los Vecinos-u 7:2, ALTAIR eSports isə Bolton VFC-ni 4:1 hesabı ilə məğlub etdi. Audax və Neftchi eSports arasında oyun 1:1 başa çatdıqdan sonra növbəti mərhələyə yüksələn tərəf Audax oldu.

Yarımfinalda Anatolian Lions qarşısına turnirin güclü komandalarından Invictus X çıxdı. Beş qolun vurulduğu qarşılaşmada Anatolian Lions 3:2 hesablı qələbə ilə final biletini qazandı. Digər yarımfinalda Audax, ALTAIR eSports-u 1:0 məğlub edərək finala yüksəldi.

Final isə turnirin adına layiq möhtəşəm və dramatik ssenari ilə yadda qaldı. Anatolian Lions və Audax arasında qarşılaşmada əsas və əlavə vaxt ərzində qalib müəyyənləşmədi. 120 dəqiqənin sonunda hesab 4:4 idi və çempionun müəyyənləşməsi penaltilər seriyasına qaldı.

Penaltilər seriyasında daha soyuqqanlı olan Anatolian Lions 5:4 hesabı ilə qalib gəldi və eLeague Pro Club Community tarixinin ilk turnir çempionu oldu.

Beləliklə, Anatolian Lions yalnız FIRST TOUCH CUP kubokunu qazanmadı, həm də adını eLeague Pro Club tarixinin ilk çempionu kimi yazdırdı.

120 dəqiqə. 8 qol. Penaltilər. Və tarixə düşən bir çempion — Anatolian Lions